Artız - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Kotayk (Ellər) şəhərindən 74 km cənub-şərqdə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 20). Kənddə 1873-cü ildə 221, 1886-cı ildə 267, 1897-ci ildə 426, 1904-cü ildə 293, 1914-cü ildə 480, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124- 125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, kəndə 1915—1918-ci illərdə Türkiyənin Van və Qars vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (416, s. 55). Sağ qalan kənd sakinləri indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz evlərinə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 63, 1926-cı ildə 39, 1931-ci ildə isə 74 nəfər azərbaycanlı yaşamışdır (415, 44-45, 124-125). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1949-cu illərdə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayır. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mənasında işlənən "artız" sözündən (299, s. 57) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Geğard" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 55).
Coğrafi koordinatları: 40°09' şm. e., 44°47' ş. u.