Başkənd - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Kəvər (Kamo) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 8 km cənubda, Kəvər çayının yanında, dəniz səviyyəsindən 2075 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 34). Ermənilər buraya 1828-1829-cu, 1914-1919-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərindən köçürülmüşdür (427, s. 827). Kənddə 1873-cü ildə 191 azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 azərbaycanlı, 385 erməni, 1897-ci ildə 357 azərbaycanlı, 440 erməni, 1914-cü ildə 410 nəfər azərbaycanlı, 704 nəfər erməni yaşamışdır (415, s. 68-69, 144-145). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qırğınlarla qovulmuşdur. Sağ qalan azərbaycanlılar 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 azərbaycanlı, 763 erməni, 1926-cı ildə 112 azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdır (415, s. 69, 145). Azərbaycanlılar 1930-cu illərin sonunda Ermənistanın Qarabağlar rayonuna, Qara- bağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetinin qərarı ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948-1950-ci illərdə Azərbaycana köçürülmüşdür. Hazırda orada yalnız ermənilər məskunlaşmışdır. Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır. Toponim Azərbaycan dilində "böyük", "əsas", "yuxarı" mənasında işlənən "baş" sözü ilə (339, s. 77) "kənd" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Geğarkunik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 55-56).
Coğrafi koordinatları: 40°15' şm. e., 45°08' ş. u.