Hallavar - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Quqark (Qarakilsə) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 10 km cənub-qərbdə, Yuxarı Kilsə və Haydarlı (Heydərli) kəndləri arasında, Hallavar çayının yanında, Pəmbək çayının sağ sahilində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 55). Kənddə 1831-ci ildə 111, 1873-cü ildə 625, 1886-cı ildə 664, 1897-ci ildə 913, 1908-ci ildə 1062, 1914-cü ildə 445, 1916-cı ildə 781, 1919-cu ildə 455 nəfər azərbaycanlı yaşamışdır (415, s. 52-53, 130-131). 1919-cu ilin martında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və azərbaycanlılar qırğınlarla tamamilə deportasiya olunmuşdur. Azərbaycanlılardan sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz ata- baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 644, 1926-cı ildə 709, 1931-ci ildə 902 nəfər (415, s. 52-53, 130-131), 1939-cu ildə 951,1959-cu ildə 1020, 1970-ci ildə 1838, 1979-cu ildə 2181 nəfər (416, s. 116) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar qırğınlarla kənddən qovulmuşlar. Hazırda orada ermənilər yaşayır. Toponim türk dilində "müxtəlif rəngli bitki və torpaq olan düzənlik" mənasında işlənən "ala" sözünə (365, s. 129-130; 339, s. 44) "möhkəmləndirilmiş istehkamı olan kənd, qala, bənd" mənasında işlənən "var" sözünün (339, s. 113) birləşməsi yolu ilə əmələ gəlmişdir. Toponimin əvvəlinə "h" səsi artırılmışdır. Belə ki Azərbaycan dilində bəzi saitlə başlanan sözlərə tələffüzdə "h" səsi əlavə edilir: araba-haraba, açar-haçar, elə-helə və s. Erməni ədəbiyyatında kəndin adı "Halavar" fonetik formasında əksini tapır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 116).
Coğrafi koordinatları: 40°46' şm. e., 44°23' ş. u.