Aşağı Xatınarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 39 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 834 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 262). Kənddə 1828-1829-cu illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-1829-cu illərdə buraya İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir (427, s. 778; 416, s. 50). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır (415, s. 152). 1870-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. 1670-1680-ci illərdə Çuxur Səəd bəylərbəyi Səfi xanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır (427, s. 778; 327, s. 55). Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilərək Qay qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 50).
Coğrafi koordinatları: 40°05' şm. e., 44°18' ş. u.