Artik (Ərtik) - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində şəhər. Vilayət mərkəzi Gümrü şəhərindən 20 km cənub-şərqdə, Alagöz dağının şimalında, dəniz səviyyəsindən 1750 metr hündürlükdə yerləşir. İlk dəfə VII əsrdə bir mənbədə adı çəkilir (427, s. 438). Qafqazın 5 verstlik xəritəsində (348, s. 20) qeyd edilmişdir. 1924-cü ilə kimi Aleksandropol qəzasına tabe idi. Erm. SSR AS RH-nin 20 oktyabr 1938-ci il tarixli qərarı ilə qəsəbə adlandırılmışdır. Tarixən burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1829-1830-cu illərdə Türkiyənin Ərzurum və Qars vilayətlərindən köçürülmüşdür (427, s. 438). Ermənilər toponimin erməni dilində "kişi" mənasında işlənən "ayr" sözü ilə fars dilində "yuxarı, yüksək" mənasında işlənən "tik" sözünün birləşməsindən əmələ gəldiyini göstərirlər (427, s. 438). Əvvəlcə onu qeyd edək ki, "tik" fars sözü yox, əsl Azərbaycan sözüdür. Toponim qədim türk dilində "dağ keçidi" (359, I (1), s. 309), "dağ, dağlıq" (299, s. 55) mənasında işlənən "art" sözünə "-ik" şəkilçisinin artırılması ilə düzəlmişdir, "-ik" şəkilçisi qədim türk dilində məkan anlayışı bildirən İsimlərə də qoşulmuşdur. Buna VII—XIII əsrlərə aid qədim türk abidələrində rast gəlinir (299, s. 660). Artik dağlıq yerdə yerləşir. Deməli, oykonimin adı əraziyə uyğun verilmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 34).
Coğrafi koordinatları: 40°37' şm. e., 43°57' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/