Böyük Vedi - İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar nahiyəsində kənd, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində şəhər. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 18 km cənub-şərqdə, Vedibasar çayının yanında, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 172), 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 51), Qafqazın 5 verstlik xəritəsində (348, s. 50) qeyd edilmişdir. Burada 1831-ci ildə 799,1873-cü İldə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914-cü ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 84-85, 154-155). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmış, əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. 1920-ci illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Kənddə 1922-ci ildə 1504 azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 azərbaycanlı, 261 erməni, 1931-ci İldə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır (415, s. 85, 155). 1972-ci ildə burada 5624 nəfər azərbaycanlı və erməni birlikdə yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövlət tərəfindən qırğınlarla qovulmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim fərqləndirici əlamət bildirən "böyük" və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən "vadi" (104, s. 83) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kal ka edilərək "Mets Vedi" formasında işlədilir. Erm. SSR AS RH-nİn 4 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Vedi" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 191-192).
Coğrafi koordinatları: 39°54’ şm. e., 44°43' ş. u.
Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, İrəvan şəhərindən 49 km aralıda, Vedi çayının kənarında qəsəbə.
1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri (2 erməni ailəsi istisna olmaqla) yaşamışlar. 1828-ci ildə kəndə həm də ermənilər köçürülmüş, sonralar onlar çıxıb getmiş, 1920-ci ilə qədər yenə də kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1920-1988-ci illərdə isə kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuş, 1988-ci ildə kənd tamamilə erməniləşdirilmişdir.
1832-ci ildə kənddə 131 ailədə 799 nəfər (441 kişi, 358 qadın) müsəlman və cəmi 2 ailədə 15 nəfər (9 kişi, 6 qadın) erməni yaşamışdır. Türkmənçay müqaviləsindən sonra isə bölgəyə İrandan 98 ailədə 430 nəfər (220 kişi, 210 qadın) erməni köçürülüb gətirilmiş, lakin sonrakı illərin (1873, 1886 və s.) statistik məlumatlarında kənddə heç bir erməninin qeydə alınmaması söyləməyə əsas verir ki, həmin erməni ailələri kənddən çıxıb, ermənilərin çoxluq təşkil etdiyibaşqa kəndlərdə məskunlaşmışlar.
1873-cü ildə Böyük Vedi kəndində 241 ailədə 1.743 nəfər (890 kişi, 853 qadın), 1886-cı ildə 286 təsərrüfatda 2.110 nəfər (1.133 kişi, 977 qadın) azərbaycanlı yaşamışdır. Sonuncu statikada onlardan 360 nəfərini (186 kişi, 174 qadın) Vedi bəylərinin ailə üzvləri təşkil etmişlər.
1905-ci ildə kənddə 2.387 nəfər, 1914-cü ildə 2672 nəfər azərbaycanlı yaşamışdır.
Sovet hakimiyyətinin ilk illərində mühacirlikdən geri qayıdan azərbaycanlı əhalinin sayı 1.504 nəfər olmuşdur. Lakin bu vaxt “Sovet Ermənistanının erməni rəhbərliyi bütün strateji məntəqələr kimi, Böyük Vedi kəndində də xaricdən gələn çoxlu erməni yerləşdirməyə çalışırdı. 1922- ci ildə Böyük Vedidə belə ermənilərin sayı artıq 453 nəfərə çatdırılsa da, 1926-cı ildə kənddə 1.545 nəfər azərbaycanlı, 261 nəfər erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 nəfər erməni yaşamışdır.
1946-cı il aprelin 4-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə kəndin Böyük Vedi adı dəyişdirilərək Vedi qoyulmuşdur.
1948-1953-cü illər köçürülməsi zamanı Vedi rayonundan birincilər sırasında köçürülməsi nəzərdə tutulan kəndlərdən biri də Böyük Vedi olmuşdur. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi bütünlüklə Azərbaycana köçürülmüşdür. Həm də maraqlıdır ki, bu camaatın bir yerə köçürülməsinə məqsədli şəkildə mane olmuş, camaatı Beyləqan, İmişli, Bərdə, Şəmkir və b. rayonlara səpələmişlər.
İ.Stalinin ölümündən sonra kənd əhalisinin bir hissəsi - 122 ev geri qayıda bilmiş və təzədən dədə-baba yurdlarında məskunlaşmışlar. Lakin ermənilərin düşünülmüş siyasəti nəticəsində onlar tədricən sıxışdırılıb çıxarılmış, 1968-ci ildə kənddə cəmi 45 ev azərbaycanlı qalmışdır.
1988-ci ildə Böyük Vedi qəsəbəsi əhalisinin sayı 10 min nəfərə yaxın idi. Bu vaxt qəsəbədə azərbaycanlılar xeyli azlıqda qalmışdılar. Qəsəbədə cəmi 40 təsərrüfat azərbaycanlı yaşayırdı. Həmin il Böyük Vedi azərbaycanlılarının başı üstünü yeni təhlükə aldı, erməni millətçiləri onları bu dəfə açıq-aşkar zorakılıqla öz doğma yurd-yuvalarından qovub- çıxardılar.
Kənd sakini Hüseyn Həsənovun evini yandırıb, özünü də məcbur etdilər desin ki, guya evini özü yandırıb.
Məhərrəm Haqverdiyevin mənzilinə hücum çəkmişdilər, o güc-bəla canını qurtarıb qaçmışdı. C.Abbasovun, A.Məmmədəliyevin, İ.Rəhimo- vun, A.Məmmədovun və b.-nın qabağını kəsib rayonu təcili tərk etmələrini tələb eləmişdilər və s.
Böyük Vedidə 5 qəbiristanlıq vardı. Mahmudlu qəbiristanlığı kəndin yuxarısında, Gavur qalasının yaxınlığında, Kosanlı qəbiristanlığı kəndin aşağısında, Vedililər qəbiristanlığı Qalabürcün dəyirmanları tərəfdə yerləşirdi. Paskilərin isə iki qəbiristanlığı vardı: biri kəndin içində, digəri Sarı dolamada.
Kosanlı və Paskili qəbiristanlıqlarının hər birində 3 ədəd qoç heykəli 1948-1953-cü illər köçürülməsi zamanı hələ də dururdu. Bu heykəllər canlı qoç boyda olub, burma buynuzlu idilər. Sonralar ermənilər qəbiristanlıqlarla birlikdə bu heykəlləri də məhv edib, izlərini itirdilər.
Paskili məhəlləsində 2 məscid, Vəliuşağı məhəlləsində 1 məscid, Vedililər məhəlləsində 2 məscid fəaliyyət göstərirdi. Bu məscidlərdə Şeyx Qəmbər, Şeyx Əli, Molla Məhəmmədtağı, Kəlba Əhməd, Molla Hüseyn Nuriyev kimi din xadimləri otururdu. Təəssüf ki, sovet dövründə həmin məscid binalarının birini MTS-ə, digərini anbara çevirdilər. O birilər isə zaman-zaman uçulub-dağıldı. Təkcə Vəliuşağı məscidi 1988-ci ilə qədər qalmaqda idi. O da daha fəaliyyət göstərməsə də, kəndin azərbaycanlıları onu qoruyub saxlayır və ziyarət edirdilər.
Böyük Vedi kəndində Mirəli ocağı adlı ziyarətgah da mövcud olmuşdur. Ocaq onun sahibi Mirəli ağanın adı ilə adlanırdı. Mirəli ağanın qəbri kəndin yuxarısında yerləşirdi. 1948-1953-cü illər deportasiyasına qədər Ocaq fəaliyyət göstərirdi. Deportasiya zamanı Mirəli ağanın övladları Beyləqana köçürüldüyündən sonralar oğlanları gəlib seyidin qəbrini və ocağını köçürüb apardılar.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/