Zod - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 85 km cənub-şərqdə, Zod çayının yanında, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 62), Qafqazın 5 verstlik xəritəsində (348, s. 98) qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı həm də "Zot" və "Sot" formalarında qeyd olunub (415, s. 26). Kəndin ərazisində azərbaycanlılarla bağlı IX—XII əsrlərə aid tarixi abidələr (alban kilsəsinin və oğuz qəbiristanlığının xarabalıqları) vardır. Kənddə 1831-ci ildə 245,1873-cü ildə 905, 1886-cı ildə 1088,1897-ci ildə 1584,1908-ci ildə 1717, 1914-cü ildə 1988, 1916-cı ildə 1717 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27,110-111). 1919-cu ilin aprelində azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kənddən qovulmuşdur (309, s. 305). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 1046,1926- cı ildə 1325, 1931-ci ildə 1599 (415, s. 27, 111), 1939-cu ildə 1946, 1959-cu ildə 1290, 1979-cu ildə 2984 nəfər (416, s. 181) yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR- dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmiş, 1988-ci ilin noyabrında isə Ermənistan dövləti tərəfindən azərbaycanlılar yenidən öz doğma kəndlərindən qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb. Toponim türk mənşəli "sotk/sodk" etnonimi (168, s. 106-107) əsasında formalaşmışdır. Toponim "Sotk-Södk-Zod" formasında inkişaf prosesi keçmişdir. Azərbaycan dilində "s~z" və "t~d" səs əvəzlənməsi qanunauyğun haldır. Etnonimin tərkibindəki "k" səsi qədim türk dilində "cəmlik, çoxluq" mənalarını bildirmiş, lakin sonralar etnonimdəki fonetik dəyişmələr nəticəsində "k" samiti düşmüşdür. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə Zod kəndinin adı dəyişdirilərək "Sotk" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 181).
Coğrafi koordinatları: 40°12' şm. e., 45°51' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/