Qəmərli - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində şəhər. 1930-cu ilə qədər kənd, sonra qəsəbə, 1961-ci ildən respublika tabeliyində şəhərdir. 1930-cu il sentyabrın 9-da yaradılan Qəmərli rayonunun adı və rayon mərkəzi olmuşdur. İrəvandan 28 km cənub-şərqdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 111). Burada 1831-ci ildə 167,1873-cü ildə 563,1886-cı ildə 668,1897-ci ildə 757,1914- cü ildə 957, 1916-cı ildə 903 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1905-ci ildə və 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar (309, s. 219). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 126,1926-cı ildə 248, 1931-ci ildə 267 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48—49, 128-129). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda ərazidə yalnız ermənilər yaşayır. Toponim qədim kimmer tayfasının (377, s. 469; 71, s. 81-83) adı əsasında əmələ gələn "qəmərli" etnonimindən (143, s. 49) yaranıb, "kimmerlərin/ qəmərli tayfasının yaşadığı yer" mənasını verir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 4 sentyabr 1945-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Artaşat" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati mərkəzidir (416, s. 38).
Coğrafi koordinatları: 39°57' şm. e., 44°33' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/