Aşağı Gözəldərə - İrəvan quberniyasında Novo-Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Martuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 46 km cənub-şərqdə, Gözəldərə çayının sahilində, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 58). 1828-ci ilə qədər burada yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-1829-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərinin kəndlərindən köçürülüb yerləşdirilmişdir (386, s. 595-598; 416, s. 190). 1897-ci ildə kənddə ermənilərlə yanaşı, 108 nəfər azərbaycanlı yaşamışdır (415, s. 66-67). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə məruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. Hazırda orada ermənilər yaşayır. Toponim fərqləndirici əlamət bildirən "aşağı" sözü ilə "gözəl" və "dərə" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vardenik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 190).
Coğrafi koordinatları: 40°07' şm. e., 45°26' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/