Abaran (Baş Abaran) - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. İndi Araqat- sotn vilayətinin mərkəzidir. İrəvandan 59 km şimalda, Abaran çayının sahilində, Alagöz dağının şərq ətəyində, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 174), Qafqazın 5 verstlik xəritəsində (348, s. 33) qeyd edilmişdir. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə "Abaran" adlı nahiyənin (143, s. 54, 109) və Abaran nahiyəsində Abaran kəndinin (143, s. 109) olduğu qeyd edilir. Ermənilər buraya əvvəlcə 1828-1829-cu illərdə İranın Xoy, 1915-1920-ci illərdə Türkiyənin Van, Muş, Ələşkirt və Ərzurum vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s. 306). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən Türkiyəyə köç etmişdir. Burada indi yalnız ermənilər yaşayır. "Apar" toponimi türk etnoniminə (299, s. 47, 287; s. 103, 197) cəmlik bildirən "-an" şəkilçisinin qoşulması ilə əmələ gəlib, "aparların (avarlar) yaşadığı yer" mənasını ifadə edir. Erməni müəlliflərinin əsərlərində "Aparan" formasında qeyd edilir. Etnotoponimdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra, 1920-1930-cu illərdə Ermənistan SSR-in Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə "Baş Abaran" adı ilə daxil edilmişdir. 1930-cu il sentyabrın 9-da "Abaran" adında rayon yaradılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin (bundan sonra Erm. SSR AS RH-nin) 3 yanvar 1935-ci il tarixli qərarı ilə adı dəyişdirilib "Aparan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 24).
Coğrafi koordinatları: 40°35' şm. e., 44°21' ş. u
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/