Amasiya (Hamasa) - Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, indi Şirak vilayətində kənd. Yerli əhali kəndi "Hamasa" adlandırmışdır. Kənd vilayət mərkəzi Gümrü şəhərindən 23 km şimal-qərbdə, dəniz səviyyəsindən 1870 m hündürlükdə, Arpaçayın yuxarı axarında yerləşir. Əhalisi 1921-ci ilədək yalnız azərbaycanlılardan ibarət olmuşdur. Ağbaba nahiyəsi 1877-1878-ci illər rus-türk müharibəsindən sonra yaradılan Qars vilayətinin Qars qəzasının tərkibinə daxil edilmişdir. Hamasa kəndində 1886-cı ildə 274, 1914-cü ildə 564, 1931-ci ildə 645, 1959-cu ildə 1527, 1970-ci ildə 2773, 1980-ci ildə 3175 nəfər yaşamışdır (416, s. 16). Kənd 1918-1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhali Qars vilayətinin kəndlərinə köç etmişdir. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Ağbaba nahiyəsinin böyük bir ərazisi sovet Ermənistanının tərkibinə daxil edilmişdir. Bundan sonra Ağbaba nahiyəsi kəndlərinin, o cümlədən Hamasa əhalisinin bir qismi doğma kənlərinə qayıtmışdır. Ermənilər Hamasa nahiyə mərkəzində sovet hakimiyyəti qurulduqdan sonra gəlib məmur kimi yerləşmişlər. 1930-cu il oktyabrın 9-da Ağbaba
nahiyəsinin əsasında Amasiya rayonu yaradılmışdır. Həmin ərazidə 1926-cı ildə 9888, 1939- cu ildə 14911, 1959-cu ildə 12794, 1972-ci ildə 19724 nəfər yaşamışdır ki, bunun da 85%-dən çoxunu azərbaycanlılar təşkil edib. 1988-ci ilin əvvəlində rayondakı 27 yaşayış məntəqəsindən 21-də azərbaycanlılar, 5-də ermənilər, rayon mərkəzi Amasiyada azərbaycanlılarla ermənilər birgə yaşamışlar. Amasiya rayon mərkəzində yaşayan 3210 nəfər əhalinin 1650 nəfərini azərbaycanlılar təşkil edirdi. Ümumiyyətlə, Amasiya rayonunun 21476 nəfər əhalisinin 18256 nəfəri azərbaycanlılar olmuşdur. Amasiyadan azərbaycanlılar Ermənistan dövləti tərəfindən 1988-ci ilin noyabr-dekabr aylarında tamamilə qovulmuşlar. "Hamasa" sözü türk dilində "yaranışdan gələn igidlik, doğuluşdan gələn qəhrəmanlıq" mənasını verən "hamaset", yaxud "hamasi" sözündən əmələ gəlmişdir (244 b, s. 63). "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 16).
Coğrafi koordinatları: 40°56' şm. e., 43°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/