Əştərək - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Əştərək rayonunda kənd. İndi Araqatsotn vilayətində şəhər, vilayətin mərkəzi. İrəvan şəhərindən 20 km şimal-qərbdə, Kasaq çayının yanında yerləşir. IV əsrlərdə Arşakilərin, Vlll-X əsrlərdə ərəblərin, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə Karbi- basar mahalının tərkibində olmuşdur. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Əştərək" (143, s. 162), 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Karbi nahiyəsinin tərkibində "Aştarak" (143, s. 75), Qafqazın 5 verstlik xəritəsində "Əştərək" (Aştarak) kimi (348, s. 24) qeyd edilmişdir. Danışıq dilində "Həştərək" formasında işlədilir. 9 sentyabr 1930-cu ildə Ermənistan SSR-də yaradılan rayonun adını daşımışdır. Erməni alimləri Əştərək (Aştarak) toponiminin erməni dilində "qüllə" mənasında işlənən "aştarak" sözündən əmələ gəldiyini göstərirlər (318, s. 81-82; 427, s. 297). Lakin bu toponim türk dilində "yüksək dağ keçidi" mənasında işlənən "aşu" (aş - müəll.) sözü ilə (339, s. 61; 23, s. 115) türk dilində "qırışıqlı dağ yüksəkliyi", "parçalanmış daş qırıntıları" (çınqıl), "uca, çoxdişli (daraq şəkilli) dağ" mənasında işlənən "tarak" sözündən (339, s. 543; 23, s. 116) əmələ gəlmişdir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Aştarak" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 23).
Coğrafi koordinatları: 40°18' şm. e., 44°24' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/