Barana - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) rayonunda, indi Tavuş vilayətində şəhər. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 820 m hündürlükdə yerləşir. Azərbaycan və Gürcüstan respublikaları ilə həmsərhəddir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim qoraqoyunlu tayfa ittifaqına daxil olan və "qoyun", "qoç" sözündən yaranan "baranilər" etnonimi (ASE, II с., B., 1978, s. 25; 271, s. 29) əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 4 yanvar 1938-ci il tarixli qərarı ilə yaşayış məntəqəsinin adı dəyişdirilərək, noyabr ayında Ermənistanda sovet hakimiyyətinin qurulması şərəfinə "Noyemberyan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 147).
Coğrafi koordinatları: 41°10' şm. e., 44°59' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/