Dəstəgird (Dəstəkert) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Sisian rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 122 km şimal-qərbdə, Bərgüşad dağlarının ətəklərində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 183) qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dastakert formasında salınmışdır (419, s. 79; 416, s. 65). Ermənilər kənddə 1905-1906-cı illərdə qırğınlar törətmişlər. Burada 1908-ci ildə 555, 1914-cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır (415, s. 146-147). 1918-ci ildə erməni silahlı birləşmələri azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 358, 1926-cı ildə 338, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146- 147). 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə burada 1700 nəfər əhali olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasına mənsub dəstəgird etnonimindən (286, s. 73) əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 65).
Coğrafi koordinatları: 39°22' şm. e., 46°02' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/