Dərəçiçək - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda, indi Kotayk vilayətində şəhər tipli qəsəbə. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1710 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 53), Qafqazın 5 verstlik xəritəsində (348, s. 75) qeyd edilmişdir. Dərəçiçək İrəvan xanlarının yaylaq yerləri olmuşdur. Burada 1897-ci ildə rus və ermənilərlə yanaşı, 10 nəfər də azərbaycanlı yaşamışdır (415, s. 16-17). XX əsrin əvvəllərində azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuş və burada yalnız ermənilər və ruslar yaşamağa başlamışdır. Sonralar ruslar da deportasiya olunmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "iki dağ arasında dərin çuxur" mənasında işlənən "dərə" sözü ilə Azərbaycan dilində "çiçəkləri olan bitki", "gül" mənasında işlənən "çiçək" sözünün (12, s. 438) birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır. Kəndin adı 1847-ci ildə dəyişdirilərək "Konstantinovka" adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək "Tsaxqadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 99).
Coğrafi koordinatları: 40°31' şm. e., 44°43' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/