Allahverdi - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Allahverdi (Tumanyan) rayonunda, indi Lori vilayətində şəhər. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 50 km şimal-şərqdə, Borçalı çayının sahilində, dəniz səviyyəsindən 770 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 13). 9 sentyabr 1930-cu ildə Allahverdi (Tumanyan) adında rayon təşkil edilmişdir. 1963-cü ildə ona respublika tabeliyində şəhər statusu verilmişdir. Erməni ədəbiyyatında "Alaverdi" fonetik formasında əksini tapmışdır (416, s. 9). XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Borçalı qəzasının, 1920-1929-cu illərdə Lori-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Əsas sakinləri azərbaycanlılar idi. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873-cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 nəfər erməni, 1100 nəfər yunan yaşamışdır (415, s. 67, 98-99). 1918-1920-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışdır. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan (415, s. 7, 99), 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan (427, s. 67) yaşamışdır. Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir. Rəsmi sənədlərdə "Alaverdi" kimi yazılır. Toponim borçalı türk tayfasına mənsub "allahverdi" etnonimi əsasında əmələ gəlmişdir (427, s. 67). "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 9).
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/