Qaraçanta - Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, keçmiş Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km şimal-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 121). Kənddə 1886-cı ildə 348,1897-ci ildə 440, 1908-ci ildə 665,1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır (415, s. 20-21,104—105). 1937-ci ilədək kənd əhalisi "qara papaqlar" kimi qeydə alınmışdır. Kənd 1918-1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalinin bir qismi Qars vilayətinə, bir qismi isə İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində sovet Ermənistanına daxil edilmişdir. Yalnız bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. Kənddə 1922-ci ildə 547, 1926-cı ildə 670, 1931-ci ildə 688 (415, s. 20-21, 104-105), 1939-cu ildə 774, 1959-cu ildə 803,1970-ci ildə 1442,1980-ci ildə 1490 (427, s. 45), 1987-ci ildə 1600 nəfər (35, s. 164) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi kənddə, əsasən, Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından gələn ermənilər məskunlaşıb. Toponim "qaraçanta" nəsil adı əsasında yaranmışdır. Ermənistan SSR AS RH-nin 4 may 1939-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Əzizbəyov", 3 aprel 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Areqnadem" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 30).
Coğrafi koordinatları: 40°55' şm. e., 43°45' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/