İlli (İlli Qarakilsə) - İrəvan quberniyasının Aleksandropol qəzasının Qızılqoç nahiyəsində, sonradan Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə, "Yelli dərə" adlanan dərədə yerləşir (35, s. 168). Erməni müəlliflərinin əsərlərində (415, s. 104) və rəsmi sənədlərdə (266, s. 263) "İlli Qarakilsə", yaxud "Qarakilsə İlli" kimi yazılır. Kənddə XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Burada Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Toponim "-li" şəkilçisi qəbul etmiş "bəyə tabe olan el, ərazi" mənasında işlənən "il" (299, s. 169; 399, s. 48) sözü ilə "Qarakilsə" toponiminin birləşməsindən əmələ gəlib, "Qarakilsə kəndində yaşayan el" mənasını ifadə edir. "İl" sözü qədim türk dilində "el" sözünün sinonimi kimi işlənmişdir (299, s. 207). Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. 1920-ci illərdə kənd "İlli" adlandırılmış və Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Hoğmik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 122).
Coğrafi koordinatları: 40°55' şm. e., 43°49' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/