Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində kənd. Erməni müəlliflərinin (415, s. 20,104) və azərbaycanlı tədqiqatçıların əsərlərində "Qayı", "Qulu", "Qazançı" kimi də qeyd edilmişdir. (35, s. 162). Vilayət mərkəzi Gümrü şəhərindən 41 km şimalda, dəniz səviyyəsindən 2030 m hündürlükdə yerləşir. Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 130), Qafqazın 5 verstlik xəritəsində (348, s. 107) qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfalarından biri olan "qazan" etnoniminə (273, s. 235) "-çı" mənsubluq anlamı bildirən şəkilçinin artırılmasından əmələ gələn "qazançı" etnonimindən düzəlmişdir. Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Ğazançi" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 128).
Coğrafi koordinatları: 41°04' şm. e., 43°49' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/