Yanıx - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Martuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Martuni yaşayış məntəqəsindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2275 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 306). Kənddə 1873-cü ildə 194, 1886-cı ildə 245, 1897-ci ildə 303, 1908-ci ildə 360, 1914-cü ildə 730, 1916- cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır (415, s. 66-67, 140-141). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən törədilən qırğınlar nəticəsində kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır (415, s. 67,141). Ermənilər kəndə 1922-1925-ci illərdə köçürülmüşdür. 1929-1930-cu illərdə azərbaycanlılar deportasiya olunmuş, kənddə yalnız ermənilər qalmışdır. Toponim Azərbaycan dilində "yanmış, susuz, quru yer" mənasında işlənən "yanıq" sözü (278, s. 166) əsasında əmələ gəlmişdir. Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə kəndin adı dəyişdirilərək "Nşxark" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 146-147).
Coğrafi koordinatları: 40°00' şm. e., 45°14' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/