Qaraşamb - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Nairi rayonunda, indi Kotayk vilayətində kənd. Nairi yaşayış məntəqəsindən 5 km məsafədə yerləşir. 1972-ci ildə Nairi rayonu yaradılanadək Əştərək rayonunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 28,1873-cü ildə 207, 1886-cı ildə 192, 1897-ci ildə 306, 1908-ci ildə 363, 1914-cü ildə 417, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23, 108-109). 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyədən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim qədim türk dilində "böyük" mənasında işlənən "qara" sözü ilə türk dilində "çay kənarlarında, iki çayın qovuşacağında qamış, yulğun, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer" mənasında işlənən "şam" sözünün (129, s. 63) birləşməsindən əmələ gəlmişdir. "Şam" sözü erməni dilində "şamb" formasında "qamışlıq" mənasında işlənir (30, s. 413). Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Karaşamb" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 207).
Coğrafi koordinatları: 40°24' şm. e., 44°35' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/