Qayqulu Ciftəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində kənd. Kəndin adı erməni müəlliflərinin əsərlərində "Ciftəli" kimi qeyd edilmişdir (415, s. 20). Vilayət mərkəzi Gümrü şəhərindən 36 km şimalda, dəniz səviyyəsindən 2010 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 125). Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin kəndə köçürülüb məskunlaşdırılmasından sonra azərbaycanlı əhali Türkiyəyə köç etmişdir. Toponim oğuzların "qayı" etnonimindən (399, s. 158), "Qulu" şəxs adından və mənsubluq bildirən "-lı" şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən "cift" sözündən (35, s. 187) əmələ gəlib, "qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer" mənasını bildirir. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Zuyqaxpyur" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 79).
Coğrafi koordinatları: 41°01' şm. e., 43°54' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/