Ağzıbir - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Kəvər (Kamo) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 20 km şimal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 5). Kənddə 1831 -ci ildə 108, 1873-cü ildə 380, 1886-cı ildə 557, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 68-69, 144-145). 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşdur. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma kəndlərinə dönə bilmişlər. Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır (415, s. 145). 1922-1926-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni (415, 69, 145), 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür- Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-ci ildə Azərbaycana deportasiya edilmişdir. O vaxtdan kənddə yalnız ermənilər yaşayır. Toponim "tək bir çıxacağı olan yer", "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında (359, I (1), s. 67; 9, s. 39) formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır. Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi- rilərək "Lçap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 91).
Coğrafi koordinatları: 40°27' şm. e., 45°03' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/