Təkərli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 16 km şimal-qərbdə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 174), Qafqazın 5 verstlik xəritəsində (348, s. 236) qeyd edilmişdir. Ədirnə müqaviləsinə (1829) əsasən ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar tədricən kəndi tərk etmişlər. 1829-cu ildə kənddə Türkiyənin Ələşkirt və Diadin şəhərlərindən, 1877-ci ildə isə Muş və Sasun bölgələrindən gələn ermənilər məskunlaşdırılmışlar (416, s. 100). Toponim "təkəli" türk etnonimi (erməni müəlliflərinin əsərlərində təkəli tayfasının adı həm də "təkərli" kimi qeyd edilir, 415, s. 16) əsasında (175, s. 16; 238, s. 185) əmələ gəlmişdir. Təkəli qızılbaş tayfalarından birinin adıdır (175, s. 16). F.Sümər təkəli tayfasının oğuzların dülqədirli elindən olduğunu göstərir (238, s. 184-185). Etnotoponimdir. Erm. SSR AS RH-nin 19 aprel 1950-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Tsağ- kaşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 100).
Coğrafi koordinatları: 40°30' şm. e., 44°20' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/