Ağadərəsi - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Kotayk (Ellər) şəhərindən 44 km cənub-qərbdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqa- dzor ("dzor" erməni dilində "dərə" deməkdir) formasında işlədilir (415, s. 44). Burada ermənilərlə yanaşı, 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 14 nəfər, 1886-cı ildə 15 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 44-45, 124). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim Azərbaycan dilində "varlı, zadəgan, mülkədar" mənasında işlənən "ağa" və "dərə" sözlərindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Katnaxpyur" (Südlü bulaq) qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 104).
Coğrafi koordinatları: 40°15' şm. e., 44°40' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/