Toxluca - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Krasnoselsk rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 61 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. 1728-ci İl tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 115), Qafqazın 5 verstlik xəritəsində (348, s. 246) adı qeyd edilmişdir. Kənddə XV-XIX əsrlərə aid tarixi abidələrin xarabalıqları indi də qalmaqdadır. Kəndin ərazisində oğuzlara aid qəbirlər var. Kənddə 1831-ci ildə 296, 1873-cü ildə 466, 1886-cı ildə 681, 1897-ci ildə 935, 1914- cü ildə 1373, 1916-cı ildə 1330, 1919-cu ildə 1199 nəfər azərbaycanlı yaşamışdır (415, s. 30- 31, 114—115). 1919-cu ilin mart ayının ortalarında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndin keçmiş sakinləri doğma evlərinə dönə bilmişlər. Kənddə 1922-ci İldə 1176, 1926-cı ildə 1403, 1931-ci ildə 1723 (415, s. 30-31, 114-115), 1939-cu ildə 1840, 1959-cu ildə 1528, 1970-ci ildə 2469, 1979-cu ildə 2664 (416, s. 70-71), 1987-ci ildə 2985 nəfər (85, s. 90) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri bir daha ermənilərin təcavüzünə məruz qalmış və Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "dağlıq yer" mənasını ifadə edən "dağ- lıca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti olan "tox" sözü türk dillərində "dağ" mənasında işlənən "to", "toğ" sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində "toğ (tuğ)" sözü "bənd", "sədd", "çəpər" mənalarında da işlənir (299, s. 570, 584) və "dağlıq ərazi" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Draxtik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995- ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 70-71).
Coğrafi koordinatları: 40°34' şm. e., 45°13' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/