Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, Ararat vilayətində kənd. Kəndin başqa adı "Şeyxzadə Əli Sabunçu" olmuşdur (415, s. 50). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 8-9 km şimal-qərbdə, Gəmi çayından axan arxın yanında, dəniz səviyyəsindən 827 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında (143, s. 49), Qafqazın 5 verstlik xəritəsində "Sabunçu" kimi (348, s. 213) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 474, 1873-cü ildə 951, 1886-cı ildə 1050, 1897-ci ildə 1000, 1904-cü ildə 1397, 1914-cü ildə 1537 (415, s. 50-51, 130-131), 1918-ci ilin yanvarında 202 nəfər (309, s. 216) azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 219, 1926-cı ildə 285, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130-131). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947- ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-ci ildə Azərbaycana deportasiya edilmişdir. Toponim türk mənşəli "sabunçu" tayfasının adı (133, s. 45) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Araksavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 29).
Coğrafi koordinatları: 40°00' şm. e., 44°28' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/