Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 35 km cənub-şərqdə, Qırxbulaq çayının yanında, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 106), Qafqazın 5 verstlik xəritəsində (348, s. 290) qeyd edilmişdir. Kənddə 1873-cü ildə 437, 1886-cı ildə 606, 1897-ci ildə 853, 1904-cü ildə 827, 1914-cü ildə 910, 1916- cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır (415, s. 86-87, 156-157). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşlar. Türkiyənin Van və Şatax vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kəndə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönmüşlər. Kənddə 1922-ci ildə 64, 1926-cı ildə 41, 1931-ci ildə 79 nəfər azərbaycanlı yaşamışdır (415, s. 86-87, 156-157). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayır. Toponim "şa-hablı" nəsil adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Şağap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 155).
Coğrafi koordinatları: 39°52' şm. e., 44°54' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/