Güllübulaq - Qars vilayətinin Qars qəzasının Şörəyel nahiyəsində, 1921 -ci il Qars müqa¬viləsindən sonra Ermənistana qatılan, Amasiya (Ağbaba) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 13 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Əhalisi yalnız azərbaycanlılar¬dan ibarət olmuşdur. Qızılqoç nahiyəsindəki Güllübulaqla Ağbaba nahiyəsindəki Güllübulağı fərqləndirmək üçün bu kənd rəsmi sənədlərdə "Türk Güllübulağı" və yaxud "Qarapapaq Güllü-bulağı" kimi yazılırdı. Kənddə 1886-cı ildə 673, 1897-ci ildə 958, 1914-cü ildə 1137, 1926-cı ildə 1142, 1939-cu ildə 1388, 1970-ci ildə 2459, 1979-cu ildə 2580 nəfər azərbaycanlı yaşamışdır (415, s. 104-105, 416, s. 48). Kənddə 1987-ci ildə 2985 nəfər azərbaycanlı yaşamışdır. 1937-ci ilədək əhalisi qarapapaqlar kimi qeydə alınmışdır. Kənd 1918-1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında er¬məni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində sovet Ermənista¬nına daxil edilmişdir. Bundan sonra kəndin əha¬lisinin bir qismi geri qayıtmışdır. Toponim "güllü" və "bulaq" sözlərinin birləşməsi əsasında əmələ gəlmişdir. Kəndin əhalisi 1988-ci ilin dekabr ayında Ermənistandan deportasiya edilmişdir. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar. Ermənistan Respublikası prezidentinin 4 iyul 2006-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək "Byurakn" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi¬bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin in¬zibati ərazisinə daxil edilmişdir (416, s. 48).
Coğrafi koordinatları: 40°52' şm. e., 43°42' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/