Gölkənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Krasnoselsk rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 93 km şimal- şərqdə, Tərsa çayının sağ sahilində, dəniz səviy¬yəsindən 1420 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 56), Qafqazın 5 verstlik xəritəsində (348, s. 59) qeyd edilmişdir. Kənddən şimalda 7 nohur (gölməçə) var. Ona görə də kənd Gölkənd adlandırılıb. Erməni müəlliflərinin əsərlərində kəndin bir adının da Qaraqoyunlu olduğu göstərilir (415, s. 30). Burada 1831-ci ildə 357, 1873-cü ildə 1567, 1886-cı ildə 2157, 1908-ci ildə 1555, 1914-cü ildə 1866, 1916-cı ildə 1486, 1919-cu ildə 1376 nəfər azərbaycanlı yaşamışdır (415, s. 30-31, 114-115). 1919-cu ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri tarixi yurdlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə 1015, 1926-cı ildə 1055, 1931-ci ildə 1279 (415, s. 30- 31, 114-115), 1959-cu ildə 1123, 1970-ci ildə 1880, 1979-cu ildə 2022 (427, s. 892-893; 416, s. 20), 1987-ci ildə 2700 nəfər (85, s. 89) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamiləqovulmuşdur. İndi burada ermənilər yaşayır. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ayqut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 20).
Coğrafi koordinatları: 40°41' şm. e., 45°10' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/