Hacı Bayram - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 39 km cənub-qərbdə, Araz çayının yanında, dəniz səviyyəsindən 990 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasında (143, s. 48), Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimi (348, s. 54) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 332, 1873-cü ildə 447, 1886-cı ildə 434, 1897-ci ildə 476, 1908-ci ildə 436, 1914-cü ildə 815, 1916-cı ildə 444 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 62-63, 138-139). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 325 nəfər azərbaycanlı, 1926-cı ildə 334 nəfər azərbaycanlı, 13 erməni, 1931-ci ildə 403 nəfər azərbaycanlı, 8 erməni yaşamışdır (415, s. 62-63, 138-139). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayır. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salındığı üçün belə adlanmışdır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Baxçalar", 3 iyul 1968-ci il tarixli qərarı il yenidən dəyişdirilərək "Baqaran" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 40).
Coğrafi koordinatları: 40°08' şm. e., 43°39' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/