Lehvaz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Mığrı (Meğri) rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 61 km cənub-qərbdə, Mığrı (Meğri) çayının sol sahilində, dəniz səviyyəsindən 930 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd olunmuşdur (348, s. 158). Mığrı (Meğri) rayonunda Lehvaz adlanan iki kənd olmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz (415, s. 68). Sonralar bu kəndlər "Lehvaz" adında birləşdirilmişdir. Kənddə 1831-ci ildə 15,1873-cü ildə 172,1886-cı ildə 375, 1897-ci ildə 346, 1904-cü ildə 525, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 68-69, 142-143). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, qırğınlar nəticəsində sakinləri deportasiya olunmuşdur (309, s. 206). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 189, 1926-cı ildə 145, 1931-ci ildə 171 (415, s. 68-69, 142-143), 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada ermənilər yaşayır. Toponim Strabonun "Coğrafiya" əsərində göstərilən skif tayfalarından olan "leh" etnonimi ilə (24, s. 18) türk dilində "sıldırım qaya, şiş qaya ətəyindəki dar dərədə axan çay yanında dağ" mənasında işlənən "bayz/bays" (vaz) sözündən (339, s. 65) əmələ gəlmişdir. Bu söz Azərbaycan toponimiyasında "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında da (253, s. 120) işlənir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 86).
Coğrafi koordinatları: 38°56' şm. e., 46°12' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/