Şahvarid - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 11 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 293). Kənddə 1831-ci ildə 59, 1873-cü ildə 72,1886-cı ildə 116,1897-ci ildə 153,1908-ci ildə 96, 1914-cü ildə 128, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 64- 65, 138-139). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və azərbaycanlılar qırğınlar nəticəsində deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıtmışlar. Kənddə 1922-ci ildə 108, 1926-cı ildə 106, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 64-65, 138- 139). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kənd sakinləri olan azərbaycanlılar 1948-1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşlar. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim fars dilində "qaya, möhkəm, bərk" mənasında işlənən "şah" sözü ilə (339, s. 625) Azərbaycan dilində "möhkəmləndirilmiş kənd, qala" mənasında işlənən "var" sözünə (339, s.113) "-ud" şəkilçisinin qoşulması nəticəsində əmələ gəlmişdir. Erm. SSR AS RH- nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Huşakert" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 125).
Coğrafi koordinatları: 40°04' şm. e., 43°55' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/