Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. İnzibati rayon kimi 1940-cı ildə təşkil olunmuşdur. Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuşdu. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. İlk neft quyusu Neftçalada 1872-ci ildə qazılmışdı.Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Rayonda 750 yerlik şəhər Mədəniyyət sarayı, Tarix-Diyarşünaslıq muzeyi, Bankə qəsəbəsində XIX əsrə məxsus balıq kombinatının inzibati binası, 34 məscid yerləşir.