1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycannın inzibati ərazisi olmuşdur. Yardımlı rayonu Azərbaycanın cənub-sərq hissəsində, dağlıq ərazidə yerləşir. Viləş çayı Yardımlı rayonunu mərkəzdən iki hissəyə bölür. Yardımlı rayonu B.Budaqovun fikrinə görə VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. Yardımlı rəmzi sufilikdə Yar-Adəm kimi izah olunur ki, bu rəmzlər qədim Misir yazılarında ən qüdrətli rəmzlər hesab olunur. Rayon ərazisinin böyük sahəsi meşələrlə örtülmüşdür. Yardımlı ərazisi buzlaşmaya məruz qalmadığı üçün üçüncü dövrün relikt və endemik ağac cinsləri-azat(nil ağacı), dəmirağac, şabalıdyarpaqlı palıd və birgöz, zərgin kolları ilə zəngindir. Bu rayonda qədim xalq sənəti - xalçaçılıq adət-ənənələri qorunub saxlanmışdır. Rayonun inzibati mərkəzi - Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var. Eramızdan əvvəl IV əsrdən başlayaraq İslamın tətbiq olunduğu vaxtlara qədərki dövrlərə aid olunan küp qəbirlərə bu rayonun ərazisində tez-tez rast gəlmək olar. 1962-ci ildə rayonun Dəlləkli kəndində tapılmış nəhəng küp bənzərsizliyinə görə ölkəmizdə hələ də yeganə hesab olunur. Burada qızıl, platin, mis, dəmir, torf, neft yataqları mövcuddur. Mövcud on bir iqlim qurşağından dördünü özündə birləşdirən bu rayona mülayim yarımsəhra, mülayim isti, soyuq yarımsəhra və quru çöl iqlimləri xasdır.