Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərində qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Sahəsi 957 km²-dir. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansaray və qala olmuşdur. İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır. Xalq sənəti növlərindən xalçaçılıq, tikmə və toxuma sənətləri bu rayonda yaxşı inkişaf etmişdir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Yuxarı Qarabağ iqtisadi rayonuna daxildir.