Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Oğuz rayonu Böyük Qafqazın cənub yamaclarında yerləşir və Rusiya Federasiyası ilə həmsərhəddir. Rayon ərazisində ən yüksək nöqtə–Malkamud dağıdır (3879 m). Oğuz rayonunu Azərbaycanın İsveçrəsi adlandırırlar. Bu yerlərin təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar. Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, IX–XVI əsrlərdə Şirvanşahlar dövlətinin, XVI–XVIII əsrlərdə Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silahlar, daşdan hazırlanmış qadın heykəlləri və əşyalar tapılmışdır. Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiqlənmiş, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınmışdır.