Böyük Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd, hazırda Lori vilayətinin mərkəzi, şəhər. Keçmiş Quqark rayonunun ilk adıdır. İrəvan şəhərindən 104 km məsafədə, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. "Böyük" sözü fərqləndirici əlamət bildirir. Yaşayış məntəqəsinin adı əvvəlcə 1926-cı ildə dəyişdirilərək "Martunaşen", sonra Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Kirovakan", Ermənistan Respublikasının prezidentinin 25 iyun 1992-ci il tarixli fərmanı ilə üçüncü dəfə dəyişdirilərək "Vanadzor" adlandırılmışdır. Ermənilər 1988-ci ildə şəhərdə yaşayan azərbaycanlılara qarşı qətllər törətmişlər. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 187).
Coğrafi koordinatları: 40°48' şm. e., 44°29' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/