Xızı rayonunun əsası 1930-cü ildə qoyulmuşdur. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. Ərazisi - 1,85 min km2-dir. Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. Hal-hazırda mövcud olan kəndlərin sayı 24-dür. 12 nümayəndəlik, 13 bələdiyyə fəaliyyət göstərir. 2004-cü ildə Böyük Qafqaz silsiləsinin cənub-şərb yamaclarının flora və faunasını qorumaq məqsədi ilə yaradılan Altıağac Milli parkı vaşaq, cüyür, ayı, fəhşi qaban və nadir “Tur” dağ keçisinin yaşaması üçün təbii şəraitə malikdir. Rəngarəng heyvanat aləminə Giləzi Dili və Yaşma ovçuluq qoruğunda rast gəlmək olar. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir.