Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 836,58 km2. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd var. Mərkəzi Şahbuz şəhəridir. Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Erkən orta əsrlərdə orada mövcud olmuş və xarabalıqlara qalmış qalanın adı ilə adlanmışdır. Həmin qala isə adını Şahbuz (hündür, yüksək dağ) dağının adından almışdır. Rayon dağlıq relyefə malikdir. Şahbuz ərazisindəki ən uca nöqtələr Salvartı (3160 metr), Keçəldağ (3115 metr) və Küküldağ (3120 metr) dağlarıdır. Biçənək dağ aşırımı da bu rayonun ərazisindədir. Şahbuz rayonunda faydalı qazıntı yataqları: kükürd, torf və tikinti materialları yataqları vardır. Şahbuzda məşhur mineral su bulaqları çoxdur: Badamlı, Biçənək, Batabat, Karvansaray və s. Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Küküçay vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur.