Göyçay əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Rayon ərazisindən Yuxarı Şirvan kanalı keçir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.