Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonunun mərkəzi Ucar şəhəridir. Ucar rayonunun sahəsi 853 kv km-dir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. Rayon Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır. Burada yarımsəhra və quru çöllər üçn səciyyəvi olan iqlim müşahidə edilir. Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir. Yuxarı Şilyan kəndində əl ilə xalça toxumaq sənəti də qorunub saxlanmışdır. Ucar Biyan zavodu, Ucarın tarixində birinci sənayə müəssisəsidir. Biyan zavodu 1956-ci ilə kimi işləmişdir. 1956-ci ildən Konserv zavod adı ilə fəaliyyət göstərmişdir. Hal-hazırda da konserv zavodu kimi fəaliyyət göstərir.Ucar rayonunda tarixi abidələr qorunub saxlanılır. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə, "Şəhid anası" adlı monumental abidə, 416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə, Naməlum əsgərin xatirəsini əks etdirən monumental abidə, N.Nərimanovun heykəli, "Su qülləsi" abidəsi Ucarın mənəvi sərvətləridir.Rayonun mərkəzində və Qazıqumlaq kəndində Heydər Əliyev adına parklar salınmışdır. Ərazisində 32 yaşayış məntəqəsi vardır.