Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin - Saadlı tayfasının etnik adıdır. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayonu ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü ildə təşkil edilmişdir. Sahəsi 1180,5 km2, Mərkəzi Saatlı şəhəridir. Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Saatlı rayonunun təşkil edilməsi 1941-1945-ci illər müharibəsi dövrünə düşmüşdür. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi Saatlı rayonunda məskunlaşmışdır. Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur. Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir. Sarıcalar kəndi ərazisində antik dövrə aid Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığında e. ə. I minilliyə aid Keçiqıran küp qəbirləri nekropolu, e. ə. II-I əsrlərə aid Azadkənd nekropolu, e. ə. III-I əsrlərə aid Qaralar nekropolu, e. ə. VI-I əsrlərə aid Muğan nekropolu, Qıraqlı kəndi yaxınlığında daş dövrünə aid edilən Araz düşərgəsi, Nərimankəndin şərq tərəfində aşkar edilmiş XI-XIII əsrlərə aid Abasbəyli yaşayış yeri, Muğan yaşayış yeri (Azadkənd), Məmmədabad yaşayış yeri (X-XVI əsrlər), Sarısu yaşayış yeri (IX-XII əsrlər), Əlisoltanlı və Bəylər orta əsr yaşayış yerləri (XII-XVI əsrlər) tarixi abidələr kimi qorunur.