Qafan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Sünik vilayətində şəhər. Oxçu çayının sahilində, İrəvan şəhərindən 320 km məsafədə, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. 1921 -ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1930-cu il sentyabrın 9-da Qafan rayonu təşkil edilmişdir. 1938-ci ildən respublika tabeliyində şəhər olmuşdur. 1990-cı ildən "Qafan rayonu" adlanır. Hazırda Sünik vilayətinin mərkəzidir. Orta əsrlərdən başlayaraq, Qafanda mis-molibden mədənləri tapılmış və mis istehsalı geniş vüsət almışdır. XIX əsrin ortalarında fransızlar Qafanda o dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiş mis istehsalı zavodu qurmuşdular. Burada əridilən mis Avropanın bir çox ölkələrinə satılırdı. Qafanda 1873-cü ildə 132 azərbaycanlı, 388 erməni, 1886-cı ildə 270 azərbaycanlı, 785 erməni yaşamışdır. 1918-1920-ci illərdə erməni silahlı dəstələri kütləvi qırğınlar törətmiş, sağ qalan azərbaycanlılar kəndi tərk etmişlər. 1922-ci ildə Qafanda 70 azərbaycanlı, 1047 erməni, 1931-ci ildə 101 azərbaycanlı, 2895 erməni yaşamışdır. Qafana respublikatabeli şəhər statusu verilməsi üçün ətrafdakı 4 erməni kəndi, Şəhərcik və Açağu azərbaycanlı kəndləri Qafana birləşdirilmiş, nəticədə, şəhərin azərbaycanlı əhalisinin sayı təqribən 5000 nəfərə çatmışdı (85, s. 140). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-ci ildə Qafan şəhərindən 3 ailə (12 nəfər) zorla Azərbaycana deportasiya edilmişdir (294 a, s. 244). Şəhərin adı, keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qafan (Qapan) kəndinin adı ilə bağlıdır (85, s. 140). Erməni müəlliflərinin əsərlərində "Ğa- pan" formasında qeyd edilir (415, s. 134; 419, s. 60). Toponim peçeneq türk tayfasına mənsub "qapan" etnonimindən (286, s. 41-42) yaranmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati mərkəzi təsdiq edilmişdir.
Coğrafi koordinatları: 39°12' şm. e., 46°24' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/