Ellər - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində Abovyan şəhəri. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 37 km məsafədə, İrəvan şəhərinin şimal-şərqində, dəniz səviyyəsindən 1360 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. 9 sentyabr 1930-cu ildə yaradılan Ellər rayonunun mərkəzi olmuşdur. 1961 -ci ildə erməni yazıçısı Xaçatur Abov- yanın şərəfinə "Abovyan" adlandırılmışdır. 1963-cü ildə şəhər statusu verilmişdir. Qafqazın 5 verstlik xəritəsində "Eylayar" (348, s. 320), erməni müəlliflərinin əsərlərində "Eylar" (415, s. 44), "Elar" (419, s. 107, 416, s. 6) formalarında qeyd edilmişdir. Toponim türk dilində "xalq, tayfa", "tayfa birləşməsi, tayfa ittifaqı" mənasında işlənən "el" sözünə (299, s. 168; 278, s. 163; 339, s. 638) Azərbaycan dilində cəmlik bildirən "-lər" şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Bu söz eyni mənada türk dilində "il" formasında da işlənir (299, s. 207; 365, s. 339-343). Yaşayış məntəqəsinin adı Erm. SSR AS RH-nin 12 oktyabr 1961-ci il tarixli qərarı ilə dəyişdirilərək "Abovyan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 6).
Coğrafi koordinatları: 40°16' şm. e., 44°37' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/