Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir. "Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür.