Şamaxı rayonu Şirvanın özəyi sayılır. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1670 km², əhalisi 85,3 min nəfərdir.Rayonun mərkəzi Şamaxı şəhəri hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi. Burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikililərin qalıqları və tapılan əşyalar göstərir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. Burada müxtəlif sənət növləri geniş yayılmışdı. Misdən döyülmüş naxışlı məmulatlar, yüksək bədii keyfiyyətlərə malik bəzək əşyaları və ev müxəlləfatı çox ustalıqla hazırlanırdı. Şamaxıda XIX əsrə aid türbələr kompleksi də mövcuddur. Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası da bu günə gəlib çatan tarixi abidələrdəndir.