Aralıq - İrəvan quberniyasının Aleksandro- pol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 13 km cənub - qərbdə, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun tabeliyində olmuşdur. Kənddə azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar yaşamışdır (415, s. 40). Burada 1886-cı ildə 300, 1897-ci ildə 397, 1908-ci ildə 441, 1914-cü ildə 510 nəfər qarapapaqlar (azərbaycanlılar) yaşamışdır (415, s. 40-41, 122-123). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1921-ci ildə Türkiyənin Muş vilayətinin Ardon kəndindən ermənilər köçürülərək burada yerləşdirilmişdir (416, s. 74). Hazırda kənddə ermənilər yaşayır. Toponim "hüdud, sərhəd, iki torpağı, mülkü və s. birbirindən ayıran xətt, mərz" (9, s. 114), "iki yaşayış məntəqəsi arasındakı məsafə", "ortalıq" (339, s. 52) mənasında işlənən "ara" sözünə Azərbaycan dilində məkan anlayışı bildirən "-lıq" şəkilçisinin artırılmasından əmələ gəlib "aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhədində yerləşən kənd" mənasını bildirir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Yerezqavors" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 74).
Coğrafi koordinatları: 40°42' şm. e., 43°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/