Yuxarı Ağbaş - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Kəndin digər adı "Xaraba Ağbaş"dır (415, s. 46). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 13 km şimalda, dəniz səviyyəsindən 960 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 3). Kənddə 1873-cü ildə 91, 1886-cı ildə 89, 1897-ci ildə 183, 1904-cü ildə 132, 1914-cü ildə 172, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri təcavüzə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndə qayıda bilmişlər. Kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 113, 1926-cı ildə 117, 1931-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-1949-cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə türk mənşəli "ağbaş" etnonimi (238, s. 323; 92, s. 24) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH- nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Abovyan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 6).
Coğrafi koordinatları: 40°02' şm. e., 44°32' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/