Kərimarxı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 7 km cənubda, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. Kənddə 1831-ci ildə 311, 1873-cü ildə 1215, 1886-cı ildə 1357, 1897-ci ildə 1474, 1904-cü ildə 1700, 1914-cü ildə 1802 (415, s. 64-65, 140-141), 1919-cu ildə 1840 nəfər (309, s. 221) yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonunda azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və deportasiya olunmuşlar (309, s. 221). Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 239, 1926-cı ildə 303, 1931-ci ildə 268 nəfər azərbaycanlı yaşamışdır (415, s. 64-65, 140-141). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə ermənilər yaşayır. Toponim "Kərim" şəxs adı ilə "arx" sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arpunk", 7 aprel 2006-cı il tarixli qərarı ilə bu ad da dəyişdirilərək "Alaşkert" qoyulmuşdur. Ermənistan Respublikası inzibati- ərazi bölgüsü haqqında 7 noyabr 1995-ci il tarixli yeni qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 9).
Coğrafi koordinatları: 40°06' şm. e., 44°03' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/